SD Center

SD CENTER

Tələbə Diplomatiya Mərkəzi

Siyasət

Latın Amerikası nümunəsində ABŞ və Çin arasında strateji qarşıdurma

520 baxış
Bu dildə oxuyun:RUEN
69b2aa0544e0169b2aa0544e02177331661369b2aa0544dff69b2aa0544e00

Qlobal ticarətdə Latın Amerikası ölkələri uzun müddətdir ki, xammal və ərzaq tədarükü üzrə ixtisaslaşıblar. Hələ XIX əsrdə Latın Amerikası ölkələri bu resursların iri tədarükçüləri kimi qlobal ticarətə fəal şəkildə qoşulmuşdular, lakin 2001-ci ildən başlayaraq Latın Amerikası ölkələrinin inkişaf tendensiyası kəskin şəkildə dəyişdi. Latın Amerikası hər zaman hegemon ölkələrin maraq dairəsində olub. ABŞ, Çin və Avropa İttifaqı Latın Amerikası ölkələrinin ticarətində nəhəng nüfuza malik idilər. 2001-ci ildən 2018-ci ilə qədər olan nəticələrə əsasən görürük ki, hegemon ölkələrin payı tez-tez dəyişib: belə ki, ABŞ-ın Latın Amerikası ölkələri ilə ticarətdəki payı 51%-dən 37,2%-ə, Avropa İttifaqının payı 13,9%-dən 11,9%-ə düşüb, Çinin payı isə 2,2%-dən 15,2%-ə qədər yüksəlib.

Bu tendensiya 2024–2026-cı illərə qədər nəinki qorunub saxlanılıb, həm də əhəmiyyətli dərəcədə güclənib. Çin Cənubi Amerika ölkələrinin əksəriyyəti üçün əsas ticarət tərəfdaşı statusunu qəti şəkildə təmin edib, ABŞ ise USMCA sazişi sayəsində liderliyini əsasən Meksika və Mərkəzi Amerika ölkələrində qoruyub saxlayır. Donald Trampın hakimiyyəte gəlməsi ilə qüvvələr nisbəti bir qədər dəyişdi. Tramp Şimali və Cənubi Amerikaya Birləşmiş Ştatların müstəsna maraq dairəsi kimi baxır və bu, 2026-cı ilin fərqləndirici xüsusiyyətinə çevriləcək. Belə ki, Venesuelaya edilən hərbi zərbə ölkədəki siyasi vəziyyəti qeyri-müəyyənlikdə qoyur, eyni zamanda ABŞ prezidenti Kolumbiyadan tutmuş Kuba və Meksikaya qədər digər ölkələrə hədə-qorxu dolu bəyanatlar yağdırır.

Eyni zamanda Çin, ABŞ tərəfindən gələn bütün təhdidlərə baxmayaraq, Latın Amerikası ilə münasibətləri gücləndirməyə davam edir. Məsələn, 2025-ci ilin dekabrındakı yeni strategiyasında ÇXR hökuməti Latın Amerikası və Karib hövzəsi ölkələrinə dair siyasəti haqqında üçüncü proqram sənədini dərc etdi. Pekinin 2026-cı il üçün əsas prioritetlərindən biri özünü ABŞ "hegemonluğuna" alternativ kimi təqdim etmək üçün "inklüziv çoxqütblü dünya" konsepsiyasını irəli sürməkdir. Çin, Latın Amerikası ölkələrinin əksəriyyətinin ÜDM-də ən böyük payı sənayenin tutduğunu bilərək "uzunmüddətli oyun" oynayır. Çin iri dövlət kreditləri verməkdən imtina edərək, diqqətini strateji sektorlara birbaşa investisiyalara yönəldib. Çin şirkətləri qlobal akkumulyator istehsalı üçün zəruri olan "litium üçbucağında" (Argentina, Boliviya, Çili) üstünlüklərini möhkəmləndirməyə çalışırlar. Həmçinin Braziliya və Meksikada Çin avtomobil brendlərinin zavodları və xidmət şəbəkələri fəal şəkildə tikilir.

Latın Amerikasının Çinlə münasibətləri necə inkişaf edəcək?

  • Pakistanda qatarda partlayış baş verib: 24 ölü, 50 yaralı.

  • Moskvada isti hava dalğası 1979-cu ilin rekordunu qırıb.

  • Rusiya Müdafiə Nazirliyi: Ukrayna Silahlı Qüvvələri Zaporojye Atom Elektrik Stansiyasının altıncı enerji blokuna zərbə endirib.

Çin, Si Cinpinin hakimiyyətə gəlməsindən başlayaraq, Latın Amerikası ölkələrində öz nüfuzunu fəal şəkildə inkişaf etdirir. Belə ki, Si Cinpinə qədər Çin sadə ticarət müqavilələri və ilkin dövlət kreditləri ilə investisiya modelindən istifadə edirdi, həmçinin ABŞ ilə birbaşa rəqabətdən qaçırdı. O, hakimiyyətə gəldikdən sonra regionda Çinin "yumşaq gücünün" artmasının ən parlaq göstəricisi Latın Amerikasının "Bir qurşaq, bir yol" (BQQY) təşəbbüsünə inteqrasiyası oldu.

Əlbəttə ki, 2013-cü ildə işə salınarkən BQQY layihəsi müstəsna olaraq Avrasiya və Afrikanı hədəfləmişdi. Lakin 2018-ci ildə Pekin Latın Amerikasını rəsmən Dəniz İpək Yolunun "təbii davamı" elan edərək öz qlobal ambisiyalarını qəti şəkildə təsdiqlədi. Bu gün Latın Amerikası və Karib hövzəsinin 20-dən çox ölkəsi BQQY-yə qoşulmaq haqqında memorandumlar imzalayıb ki, bu da Çinin regiona olan xüsusi maraq və diqqətini nümayiş etdirir.

Bu strategiyanın davamı olaraq, 2025-ci ilin dekabrında ÇXR hökuməti Latın Amerikası və Karib hövzəsi ölkələrinə dair siyasəti haqqında üçüncü proqram sənədini dərc etdi. Nəzərə almaq vacibdir ki, Çinin strategiyası ABŞ-ın Milli Təhlükəsizlik Strategiyasının dərcindən cəmi bir neçə gün sonra işıq üzü gördü. ABŞ-ın yeni strategiyasının əsas məqamı təxminən 200 il əvvəlki, Qərb yarımkürəsini Birləşmiş Ştatların müstəsna təsir zonası elan edən Monro doktrinasının faktiki olaraq bərpa edilməsidir. Təbii ki, Çinin regiona münasibəti resurs fürsətçiliyindən (opportunizmindən) uzunmüddətli strateji inteqrasiyaya doğru dəyişdi.

Florida Beynəlxalq Universitetinin (FIU) məlumatına görə, Çin artıq Meksikadan cənubda yerləşən əksər ölkələr üçün birinci və ya ikinci ticarət tərəfdaşıdır və Qərb yarımkürəsində Vaşinqtonla açıq rəqabətə hazır olan əmin qlobal güc kimi davranır.

ABŞ-ın 2025-ci ildə Panama kanalı üzərində nəzarəti gücləndirməsi Çinin planlarına mənfi təsir göstərdi. Buna baxmayaraq, Avropa institutlarının tədqiqatçıları Çin kapitalının iştirakı ilə fəaliyyətə başlayan Perudakı Çankay meqaportuna xüsusi diqqət yetirirlər. 2026-cı ildə bu port logistika qaydalarını qəti şəkildə dəyişdirərək, Asiya ilə Cənubi Amerika arasındakı ticarət axınlarını Panama kanalı və ABŞ limanlarından yan keçməklə yenidən istiqamətləndirir.

Rəqib ölkələr tərəfindən atılan bütün bu addımlar Latın Amerikasındakı vəziyyəti mürəkkəbləşdirir. Bir çox dövlətlər əbədi olaraq neytral qala bilməyəcəklər: onlar ABŞ-ın sərt təhlükəsizlik tələbləri ilə Çinin cəlbedici iqtisadi təklifləri arasında manevr etmək məcburiyyətində qalacaqlar.

Solçuların və sağçıların mübarizəsi. Braziliyada seçkilər

Bu ilin oktyabrında aparıcı orta güclərdən biri olan Braziliyada prezident seçkiləri keçirilməlidir. Hazırkı prezident Luis İnasiu Lula da Silvanın yaşı və səhhəti, həmçinin Jair Bolsonaruya seçkilərdə iştirakla bağlı qoyulan məhkəmə qadağası nəzərə alınarsa, siyasi mənzərə son dərəcənə dəyişkən olaraq qalır. Sosial proqramların uğuru, inflyasiyaya nəzarət və ÜDM-in artım tempinin qarşıdakı yarışda əsas arqumentlər olacaq. Hazırkı vəziyyət bizə qarşıdakı seçkilərə fiskal intizam və böyük dövlətlərin rəqabəti prizmasından baxmağa imkan verir.

Braziliya BRİKS qrupunun üzvüdür və qlobal siyasət və maliyyədə ABŞ-ın dominantlığına qarşı mübarizədə Rusiya, Hindistan, Çin və Cənubi Afrika ilə səylərini birləşdirir. Birləşmiş Ştatlar təzyiq rıçaqlarından istifadə edərək Braziliyanın dünya səhnəsindəki rolunu məhdudlaşdırmağa çalışacaq. Belə ki, 2019-cu ildə Braziliya "NATO-dan kənar əsas müttəfiq" statusu alıb. ABŞ qabaqcıl hərbi texnologiyalara çıxışı dondurmaqla, Cənub Komandanlığının birgə təlimlərini ləğv etməklə və ya braziliyalı zabitlərin təlim proqramlarının maliyyələşdirilməsini məhdudlaşdırmaqla bu statusla manipulyasiya edə bilər.

Yarımkürədəki siyasi turbulentlik fonunda Braziliya çoxqütblü təsisatlarda Cənubi Amerikanın maraqlarının əsas sistemli ötürücüsü kimi çıxış etməyə çalışır. 2025-ci ilin sonunda Belendə BMT-nin İqlim Dəyişikliyi Sammitinə (COP30) ev sahibliyi etdikdən sonra Braziliya özünü qlobal ekoloji güc kimi təqdim edir. BRİKS-in Yeni İnkişaf Bankı bərpa olunan enerji, dayanıqlı kənd təsərrüfatı sahələrindəki layihələrin, eləcə də Amazoniyanın mühafizəsi və aşağı karbonlu iqtisadiyyata keçid təşəbbüslərinin maliyyələşdirilməsində mühüm rol oynayır. Bu, qərb fondlarının istəksizcə və ya əlverişsiz şərtlərlə təqdim etdiyi nəhəng investisiyalar tələb edir.

Tramp administrasiyası üçün Braziliyanın gələcək liderinin regional təhlükəsizlik və regiondankənar oyunçuların təsirinin qarşısının alınması məsələlərində əməkdaşlığa nə dərəcədə hazır olacağı kritik əhəmiyyət kəsb edir. Bunun üçün Vaşinqton seçkilərin nəticəsindən asılı olmayaraq strateji dialoqun davamlılığını təmin etmək üçün həm sol-mərkəzçi isteblişment, həm də mülayim sağçı qüvvələrlə sabit rabitə kanallarının qorunmasına üstünlük verir. Belə ki, Vaşinqtonun artıq hökumətin fiskal məsuliyyəti müdafiə edən və qərb kapital bazarlarına çıxışa ehtiyacı olan makroiqtisadi bloku ilə imtiyazlı əlaqə kanalları quduğu məlumdur.

Ölkənin gələcək lideri, siyasi mənsubiyyətindən asılı olmayaraq, Vaşinqton və Pekin arasında fəal manevr siyasətini davam etdirəcək. Artan qlobal qütbləşmə Braziliyanın gələcək prezidentinə rahat neytrallıq üçün getdikcə daha az yer qoyur.

Madurodan sonra Venesuela. Maduristlər və çavistlər üçün yeni mərhələ

Dövlət aparatında, güc blokunda və məhkəmə sistemindəki hazırkı dəyişikliklər ABŞ-ın yeni strategiyasından xəbər verir. Vaşinqton Səddam Hüseynin devrilməsindən sonra onun rəhbərlik etdiyi BƏƏS partiyasının bütün üzvlərinə dövlət vəzifələri tutmağın qadağan edildiyi və ABŞ-ın nəzarətindən kənar qüvvələrin doldurduğu siyasi vakuumun yarandığı İraq müharibəsi ilə müqayisədə fərqli bir yol seçib.

Gələcəkdə ABŞ-ın Venesuelanı idarə etməsi, görünür, "rəğbətləndirmə və cəza" (qamçı və qoğal) siyasəti üzərində qurulacaq, çünki hazırkı maduristlər əməkdaşlığa hazırdırlar və Tramp administrasiyası ölkəyə dolayı idarəçilik vasitəsilə nəzarət etməyi planlaşdırır. Belə bir formatda ABŞ Karakasın inkişafının bütün sahələrinə təzyiq imkanlarını saxlayır. Hərbi gəmilər hələ də Venesuela sahillərində dayanıb və zərurət yarandıqda neft ixracını bloklamaq imkanına malikdir. Həmçinin Vaşinqtonun "şərti qarşılıqlı fəaliyyət" strategiyasını tətbiq edəcəyi gözlənilir – demilitarizasiya və islahatların aparılması istiqamətində atılacaq addımlar müqabilində Venesuela neftinin ixracına qoyulan məhdudiyyətlərin qismən aradan qdlırılması.

Lakin Karakasın hazırkı elitası da ABŞ-a təzyiq rıçaqlarını qoruyub saxlayır. Dolayı nəzarət zamanı Birləşmiş Ştatlar ölkənin birbaşa idarə edilməsində yerli elitalardan asılıdır və Venesuela tərəfi ikitərəfli danışıqlar zamanı bu amildən uğurla istifadə edə bilər.

Musabəy Babayev - Bakı Politoloqlar Klubunun Amerika və Avropa şöbəsinin rəhbəri, "Strateji Təfəkkür" diplomatiya mərkəzinin sədri və Leyfana (Leuphana) Universitetinin elmi praktikantı.

Şərhlər (0)

Hələ şərh yoxdur. İlk siz yazın!