SD Center

SD CENTER

Tələbə Diplomatiya Mərkəzi

Siyasət

ABŞ-da 2026-cı il aralıq seçkiləri: Respublikaçılar Partiyasında transformasiya və Trampın təsiri

Müəllif: İslam Rəhimov

377 baxış
Bu dildə oxuyun:ENRU
IMG_0434

Xülasə

3 noyabr 2026-cı ildə ABŞ Konqresinə keçiriləcək aralıq seçkilər Respublikaçılar Partiyasının daxili transformasiyasını və Prezident Donald Trampın partiya üzərində siyasi təsirinin sərhədlərini qiymətləndirmək baxımından mühüm əhəmiyyət daşıyır. Bill Cassidy və John Cornyn kimi senatorların, eləcə də Nümayəndələr Palatasının üzvü Thomas Massie-nin partiyadaxili ilkin seçkilərdə məğlub olması Trampın namizəd seçimi prosesinə təsirini nümayiş etdirir. Xüsusilə, Bill Cassidy 2026-cı ilin mayında keçirilən ilkin seçkilərdə üçüncü yeri tutaraq ikinci tura yüksələ bilmədi. Ümumilikdə Trampın bu seçki dövründə dəstəklədiyi 313 namizədin 96 faizi ilkin seçkilərdə qalib gəlib. Eyni zamanda, 2026-cı ilin oktyabrında prezidentin reytinqi 31 faizə enib, rəqabətli seçki dairələrində iştirak edən respublikaçı namizədlərin təxminən üçdə ikisi isə Trampın müəyyən siyasətlərindən məsafələnir və bu, partiyanın qarşılaşdığı siyasi dilemmanı üzə çıxarır. Bu ziddiyyət “praymeriz paradoksu” kimi təhlil olunur: sədaqət testi partiya daxilində intizamı gücləndirdikcə, partiyanın daha geniş seçici auditoriyası qarşısındakı riskləri də artır. Məqalədə Respublikaçılar Partiyasında namizəd seçimi meyarlarının dəyişməsi, Trampın siyasi strategiyası və bu tendensiyanın Konqresdə qüvvələr nisbətinə mümkün təsirləri təhlil olunur.

Açar sözlər: aralıq seçkilər, Respublikaçılar Partiyası, Donald Tramp, ilkin seçkilər, ABŞ Konqresi, partiya intizamı

Giriş: 2026-cı il aralıq seçkilərinin siyasi əhəmiyyəti

3 noyabr 2026-cı ildə ABŞ-da keçiriləcək aralıq seçkilərdə Nümayəndələr Palatasının bütün 435 səsvermə hüquqlu üzvü və Senatın 35 üzvü seçiləcək. Senatda 33 müntəzəm seçki ilə yanaşı, Florida və Ohayo ştatlarında iki xüsusi seçki də keçiriləcək. Respublikaçılar 22, demokratlar isə 13 yeri müdafiə edirlər. Seçkilər ərəfəsində respublikaçılar Senatda 53–47 üstünlüyə malikdirlər; bu bölgüyə demokratlarla birlikdə fəaliyyət göstərən iki müstəqil senator da daxildir. Bərabər səs bölgüsündə həlledici səs respublikaçı vitse-prezidentə məxsus olduğundan, demokratlara çoxluq üçün xalis dörd yer qazanmaq lazımdır. Nümayəndələr Palatasında isə respublikaçıların üstünlüyü daha məhduddur: mövcud bölgüdə respublikaçılar bir müstəqil üzvün dəstəyini nəzərə almaqla 219, demokratlar 214 yerə malikdirlər, iki yer isə boşdur [1].

ABŞ-da aralıq seçkilər prezident seçkilərindən iki il sonra keçirildiyinə görə, adətən, mövcud administrasiyanın siyasətinə ictimai münasibətin mühüm göstəricisi hesab olunur. 1946-cı ildən bəri keçirilən 20 aralıq seçkidən yalnız ikisində – 1998 və 2002-ci illərdə – prezidentin partiyası Nümayəndələr Palatasında yer qazanıb, orta itki isə təxminən 26 yer təşkil edib [2]. Bu seçkilər prezidentin partiyasının Konqresdəki mövqelərini qoruyub saxlamaq imkanlarını, müxalifətin isə qanunvericilik prosesinə təsir göstərmək potensialını müəyyənləşdirir. Bununla belə, aralıq seçkilərin nəticələri yalnız prezidentin populyarlığı ilə izah edilə bilməz. İqtisadi vəziyyət, yaşayış xərcləri, seçici fəallığı, yerli problemlər və namizədlərin şəxsi nüfuzu da seçicilərin qərarlarına təsir göstərir.

2026-cı il seçkilərini fərqləndirən əsas məqamlardan biri Respublikaçılar Partiyası daxilində Donald Trampın siyasi təsiri ətrafında gedən mübarizədir. Trampın rəhbərliyi ilə güclənən MAGA hərəkatı — “Make America Great Again” — sərt miqrasiya siyasəti, milli suverenliyin vurğulanması, iqtisadi proteksionizm və ABŞ-ın xarici siyasətində milli maraqların ön plana çəkilməsi kimi istiqamətlərlə əlaqələndirilir. MAGA yalnız seçki şüarı deyil, həm də Respublikaçılar Partiyasının namizəd seçiminə və siyasi gündəliyinə təsir göstərən siyasi hərəkatdır. Bununla belə, onun tərəfdarlarının bütün məsələlərdə eyni mövqedə dayandığını düşünmək düzgün olmazdı.

2026-cı ilin ilkin seçkiləri göstərdi ki, Respublikaçılar Partiyasında namizədlərin siyasi təcrübəsi və ənənəvi konservativ mövqeləri ilə yanaşı, Trampın dəstəyinə malik olmaları da əhəmiyyətli amildir. Lakin prezidentin dəstəyinin bütün yarışlarda eyni nəticəni vermədiyini və hər bir namizədin uğurunun fərqli siyasi şəraitdən asılı olduğunu nəzərə almaq lazımdır.

Məqalənin əsas məqsədi Trampın Respublikaçılar Partiyasında namizəd seçiminə təsirini konkret seçki nümunələri əsasında araşdırmaq və bu təsirin noyabr seçkilərində partiyanın mövqelərinə yarada biləcəyi imkanları və riskləri qiymətləndirməkdir.

1. Nəzəri çərçivə: Respublikaçılar Partiyasında namizəd seçiminin dəyişən meyarları

Amerika siyasət elmində uzun müddət üstünlük təşkil edən yanaşmaya görə, namizəd seçimində həlledici rolu partiya elitaları oynayır. Cohen, Karol, Noel və Zaller-in “The Party Decides” əsərində göstərildiyi kimi, partiya rəhbərləri, donorlar və fəallar ilkin seçkilərdən əvvəl öz aralarında razılaşaraq seçicilərə “məqbul” namizədləri təqdim edirlər [3]. Levitsky və Ziblatt bu funksiyanı partiyaların “qapı gözətçisi” (gatekeeper) rolu adlandırırlar: partiya ekstremist və ya sistemə qarşı çıxan namizədləri hakimiyyətə yaxın buraxmamaqla demokratik institutları qoruyur [4].

Tramp dövrü bu modeli tərsinə çevirib. Bu gün respublikaçı namizədin taleyini partiya elitasının razılaşması deyil, liderin şəxsi dəstəyi müəyyənləşdirir. Robert Boatright-ın tədqiqatında “praymeriz təhdidi”, yəni partiya xəttindən kənara çıxan qanunvericiyə qarşı ilkin seçkilərdə rəqib çıxarılması, ideoloji qütbləşmənin aləti kimi təsvir olunur [5]. 2026-cı ildə isə bu alət ideologiyaya deyil, birbaşa liderə sədaqətə xidmət edir. Qapı gözətçisi yox olmayıb, sadəcə dəyişib: əvvəllər bu rolu kollektiv partiya rəhbərliyi oynayırdısa, indi onu bir şəxs icra edir.

Bu çərçivədən iki gözlənti irəli gəlir. Birincisi, ilkin seçkilərdə liderə qarşı çıxan respublikaçılar, hətta güclü yerli mövqelərə malik olsalar belə, məğlubiyyət riski ilə üzləşməlidirlər. İkincisi, sədaqət əsasında seçilmiş namizədlər ümumi seçkidə daha geniş elektoratı cəlb etməkdə çətinlik çəkməlidirlər. Növbəti bölmələr bu iki gözləntini ardıcıl şəkildə yoxlayır.

Beləliklə, Respublikaçılar Partiyasındakı transformasiyanı ənənəvi konservatizmin tamamilə aradan qalxması kimi deyil, ideoloji mövqelər, seçki qabiliyyəti və prezidentə siyasi sədaqət arasında yeni tarazlıq uğrunda mübarizə kimi qiymətləndirmək daha məqsədəuyğundur.

2. Donald Trampın 2026-cı il seçki strategiyası

Respublikaçılar Partiyasında siyasi sədaqətin artan əhəmiyyətini göstərən nümunələrdən biri Luiziana ştatında senator Bill Cassidy-nin ilkin seçkilərdə üçüncü yeri tutaraq ikinci tura yüksələ bilməməsidir. Cassidy 2021-ci ildə Donald Trampın ikinci impiçmenti üzrə onun təqsirli bilinməsinə səs verən yeddi respublikaçı senatordan biri idi [6]. Bu qərar sonrakı illərdə onun Tramp və MAGA hərəkatının tərəfdarları ilə münasibətlərinə təsir göstərdi.

Tramp Cassidy-ni açıq şəkildə tənqid edir və onun rəqibi, Nümayəndələr Palatasının üzvü Julia Letlow-u dəstəkləyirdi. 2026-cı il mayın 16-da keçirilən ilkin seçkilərdə Letlow 45,2 faiz, ştatın xəzinədarı John Fleming 28,3 faiz, Cassidy isə təxminən 24 faiz səs topladı. Cassidy üçüncü yeri tutduğundan ikinci tura yüksələ bilmədi. İkinci tur iyunun 27-də Letlow və Fleming arasında keçirildi və Letlow Fleming üzərində qələbə qazanaraq Respublikaçılar Partiyasının Senat namizədi oldu [6; 7].

Cassidy-nin ilkin seçkilərdə ikinci tura yüksələ bilməməsindən sonra Tramp Truth Social platformasında onun siyasi sədaqətini tənqid edən və siyasi karyerasının başa çatdığını bildirən sərt açıqlama yaymışdı. Bu açıqlama Trampın Cassidy-yə münasibətini və partiyadaxili rəqabətdə siyasi sədaqət amilinə verdiyi əhəmiyyəti nümayiş etdirirdi [6].

Cassidy-nin ilkin seçkilərdəki uğursuzluğu Trampın siyasi dəstəyinin ilkin seçkilərdəki əhəmiyyətini göstərsə də, nəticəni yalnız şəxsi qarşıdurma ilə izah etmək olmaz. Namizədlərin kampaniyaları, yerli seçicilərin üstünlükləri, Cassidy-nin Trampın siyasi kursuna münasibəti və Luizianadakı partiyadaxili rəqabət də bu prosesin tərkib hissələri idi.

Bu hadisə partiyada daha geniş transformasiyanı əks etdirir. Ənənəvi konservativ prioritetlər — vergilərin azaldılması, miqrasiya siyasətinin sərtləşdirilməsi, federal hökumətin səlahiyyətlərinin məhdudlaşdırılması və milli təhlükəsizlik — öz əhəmiyyətini qoruyur. Lakin namizədlərin Trampın siyasi gündəliyinə münasibəti də seçki kampaniyalarında mühüm meyara çevrilib.

Bu dəyişiklik partiyanın institusional rəhbərliyi ilə Trampa daha sıx bağlı siyasi qüvvələr arasında müəyyən gərginlik yaradır. Donald Trampın 2026-cı il seçki strategiyasının əsas istiqamətlərindən biri onun siyasi xəttinə yaxın namizədləri dəstəkləmək və açıq fikir ayrılığına girdiyi respublikaçılara qarşı alternativ namizədlərin irəli çıxmasına şərait yaratmaqdır. Prezidentin dəstəyi namizədlərə ictimai diqqəti cəlb etmək, seçici bazasını səfərbər etmək və kampaniya mesajlarını gücləndirmək imkanı verir. Bununla belə, belə dəstəyin təsiri hər bir seçki dairəsində eyni olmur.

Texas ştatında senator John Cornyn ilə baş prokuror Ken Paxton arasında keçirilən yarış bu strategiyanın mühüm nümunəsidir. Senatda uzun müddət fəaliyyət göstərmiş Cornyn partiyanın institusional qanadının dəstəyinə malik idi. Senatda respublikaçı çoxluğun lideri John Thune da onun namizədliyini dəstəkləyirdi. Tramp isə Paxton-un tərəfində çıxış etdi [8; 9].

Mayın 26-da keçirilən ikinci turda Paxton Respublikaçılar Partiyasının Senat namizədliyini qazandı. Onun qələbəsi Texas Respublikaçıları daxilində ənənəvi siyasi rəhbərliklə Trampa daha sıx bağlı qüvvələr arasındakı rəqabətin nəticəsi kimi qiymətləndirilə bilər [8].

Cornyn-in məğlubiyyəti uzunmüddətli siyasi təcrübənin və maliyyə üstünlüyünün belə ilkin seçkilərdə qələbəyə zəmanət vermədiyini göstərdi. Bununla belə, Paxton-un ilkin seçkidə qələbəsi onun noyabrda demokrat rəqibi James Talarico qarşısında mütləq üstünlüyə malik olması demək deyil. Paxton-un siyasi və hüquqi mübahisələrlə bağlı keçmişi ümumi seçki kampaniyasında rəqibləri üçün müzakirə mövzusu yarada bilər [9]. Buna görə də ilkin seçkidə qələbə ilə ümumi seçkidə qalib gəlmək imkanlarını bir-birindən ayırmaq vacibdir.

Trampın strategiyası yalnız əvvəlki senatorların rəqiblərini dəstəkləməkdən ibarət deyil. O, həmçinin partiyanın gələcək tərkibində öz siyasi xəttinə yaxın şəxslərin yer almasına çalışır. Bununla belə, Trampın dəstəklədiyi bütün namizədləri yalnız onun şəxsi tərəfdarları kimi təsnif etmək də düzgün olmazdı. Namizədlərin öz siyasi mövqeləri, yerli elektoratla münasibətləri və partiya daxilindəki əvvəlki mövqeləri fərqlənir. Trampın dəstəyi siyasi üstünlük yarada bilər, lakin namizədin özünün seçicilər qarşısında inandırıcı mövqeyə malik olması da əhəmiyyətini qoruyur.

Bu strategiyanın miqyasını rəqəmlər də təsdiqləyir. Ballotpedia-nın avqust ortasına olan məlumatına görə, Tramp bu seçki dövründə 313 namizədi dəstəkləyib və onların 96 faizi ilkin seçkilərdə qalib gəlib. Trampın dəstəklədiyi namizədlərin uduzduğu 12 halın səkkizi qubernator və ştat səviyyəli yarışların payına düşür [10].

Bu nümunələr göstərir ki, Trampın strategiyası Respublikaçılar Partiyasının namizəd seçimi prosesinə ciddi təsir göstərsə də, onun nəticələri hər zaman əvvəlcədən müəyyən edilmir. Prezidentin dəstəyi ilə partiyanın institusional maraqları arasında yaranan ziddiyyətlər seçkilərin nəticələrinə və gələcək siyasi münasibətlərə təsir göstərə bilər.

3. Nümayəndələr Palatasında partiyadaxili mübarizə

Trampın Respublikaçılar Partiyasında təsiri Senatla məhdudlaşmır. Kentaki ştatının 4-cü konqres dairəsini təmsil edən Thomas Massie ilə bağlı yarış bu təsirin digər mühüm nümunəsidir. Massie federal xərclər, prezidentin müharibə səlahiyyətləri və xarici siyasət məsələlərində Trampın mövqelərindən fərqlənən yanaşmaları ilə tanınırdı. O, həmçinin ABŞ-ın İsrailə yardımı və xarici siyasətdə pro-İsrail təşkilatlarının rolu ilə bağlı müzakirələrdə tənqidi mövqe tuturdu [11].

Tramp Massie-ni açıq şəkildə tənqid etmiş və onun rəqibi Ed Gallrein-i dəstəkləmişdi. Mayın 19-da keçirilən Respublikaçı ilkin seçkilərində Gallrein Massie-ni məğlub etdi. Bu nəticə prezidentin partiyadaxili rəqabətə təsirini və Trampa qarşı açıq mövqe tutan namizədlərin üzləşə biləcəyi siyasi riskləri yenidən gündəmə gətirdi [11].

Yarışın digər mühüm xüsusiyyəti kampaniyanın maliyyə miqyası idi. The Washington Post-un məlumatına görə, Massie ilə Gallrein arasındakı yarış ABŞ Nümayəndələr Palatası üzrə qeydə alınmış ən bahalı ilkin seçki kampaniyası oldu və reklam xərcləri 32 milyon dolları keçdi. Qəzetin məlumatında AIPAC-la və Republican Jewish Coalition-la əlaqəli siyasi komitələrin Massie-yə qarşı reklam kampaniyasına hər birinin 4 milyon dollardan artıq vəsait ayırdığı qeyd olunurdu [11].

Bu faktlar siyasi təşkilatların və kampaniya maliyyəsinin ABŞ seçkilərindəki rolunu araşdırmaq üçün əsas yaradır. Bununla belə, Massie-nin məğlubiyyətini yalnız konkret təşkilatların maliyyə dəstəyi ilə izah etmək düzgün olmazdı. Trampın açıq dəstəyi, namizədlərin siyasi mövqeləri, seçicilərin münasibəti və kampaniyanın ümumi gedişi də nəticəyə təsir göstərə bilər. Buna görə də kampaniya maliyyəsi ilə seçki nəticəsi arasında əlaqə qurarkən konkret xərclər və onların mənbələri əsas götürülməlidir.

Massie ilə bağlı yarış Respublikaçılar Partiyasında daxili fikir ayrılıqlarının xarici siyasət məsələləri ilə də əlaqəli olduğunu göstərir. Trampın “America First” yanaşmasını müdafiə edən bəzi siyasətçilər xarici hərbi müdaxilələrə və xarici ölkələrə yardıma ehtiyatla yanaşırlar. Bununla belə, bu yanaşmanın bütün MAGA tərəfdarları tərəfindən eyni şəkildə qəbul edildiyini söyləmək olmaz. Respublikaçılar Partiyası daxilində xarici siyasət, milli təhlükəsizlik və prezidentin səlahiyyətləri məsələlərində fərqli mövqelər mövcuddur.

4. Senatda intizam: İran qətnaməsi nümunəsi

Trampın təsiri namizəd seçimi ilə məhdudlaşmır, qanunvericilik səsvermələrində də özünü göstərir. Bunun ən aydın nümunəsi İrana qarşı Konqresin icazəsi olmadan aparılan hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan qətnamələr ətrafındakı səsvermələrdir. Mayın 19-da Senat belə bir qətnaməni 50–47 səslə komitədən çıxararaq müzakirəyə yol açdı. Dörd respublikaçı – Bill Cassidy, Rand Paul, Lisa Murkowski və Susan Collins – demokratlarla birlikdə lehinə səs verdi [12]. Qeyd edək ki, Cassidy bu səsi ilkin seçkidə məğlub olmasından cəmi üç gün sonra vermişdi.

Bir ay sonra mənzərə dəyişdi. Respublikaçı senatorların Trampla gərgin keçən görüşündən sonra [13] iyunun 24-də S.J.Res.185 saylı qətnamənin müzakirəsinə başlanması təklifi 47 lehinə, 50 əleyhinə səslə rədd edildi. Cassidy bu dəfə əleyhinə səs verdi, Rand Paul isə “Present” (iştirak edir, lakin səs vermir) kimi qeydə alındı [14]. Paul mövqeyini açıq izah etdi: məqsədi prezidentə danışıqlar üçün “daha çox manevr imkanı və təsir rıçağı” verməkdir [13]. Murkowski və Collins isə mövqelərini dəyişmədilər.

Bu epizod iki nəticəyə imkan verir. Birincisi, partiya intizamı yalnız seçki təhdidi ilə işləmir. Cassidy praymeriz yarışından artıq kənarda qalmışdı və mövqe dəyişikliyini ictimai şəkildə izah etməyib, buna görə də onun motivləri barədə qəti nəticə çıxarmaq olmaz. Amma səsvermənin vaxtı, yəni prezidentlə görüşdən dərhal sonra baş verməsi, birbaşa siyasi təzyiqin də effektiv alət olduğunu göstərir. İkincisi, intizam mütləq deyil: öz ştatlarında müstəqil siyasi bazası olan Murkowski və Collins kimi senatorlar Trampdan fərqli səs verməyə davam edirlər. Azərbaycan baxımından bu səsvermələrin xüsusi əhəmiyyəti var, çünki söhbət qonşu İranla bağlı hərbi əməliyyatlardan gedir (bax: 7-ci bölmə).

5. Trampın təsiri: imkanlar və məhdudiyyətlər

Trampın Respublikaçılar Partiyasında güclü mövqeyi bir neçə üstünlük yaradır. İlk növbədə, onun dəstəyi namizədlərin tanınmasına və tərəfdarların səfərbər olunmasına kömək edir. Prezidentin siyasi nüfuzu ilkin seçkilərdə namizədlərə rəqibləri üzərində üstünlük qazandıra, kampaniyanın gündəliyini müəyyənləşdirə və partiyanın fəal elektoratını hərəkətə gətirə bilər.

İkinci üstünlük partiya daxilində siyasi mesajların daha vahid şəkildə təqdim edilməsidir. Trampın dəstəklədiyi namizədlər miqrasiya, iqtisadiyyat və federal hökumətin rolu kimi məsələlərdə oxşar mövqeləri vurğulayaraq seçicilərə aydın siyasi istiqamət təqdim edə bilərlər. Bu, xüsusilə ilkin seçkilərdə ideoloji baxımdan fəal seçicilərin səfərbər olunması üçün əhəmiyyətlidir.

Lakin bu təsirin məhdudiyyətləri də var və onlar üç əsas istiqamətdə özünü göstərir.

Birinci məhdudiyyət: ilkin seçki uğurunun ümumi seçkiyə transfer olunmaması. İlkin seçkilərdə partiyanın fəal elektoratına müraciət edən namizəd ümumi seçkidə daha geniş seçici qruplarının dəstəyini qazanmalı olur. Trampın bütün siyasətlərini müdafiə etmək bəzi seçki dairələrində üstünlük yaratsa da, digərlərində müstəqil və mülayim seçiciləri uzaqlaşdıra bilər. Bunun yaxın keçmişdə aydın nümunəsi var: 2022-ci il aralıq seçkilərində Trampın ilkin seçkilərdə dəstəklədiyi Mehmet Oz (Pensilvaniya), Blake Masters (Arizona) və Herschel Walker (Corciya) partiya namizədliyini qazansalar da, ümumi seçkidə demokratlara uduzdular və respublikaçılar Senatda çoxluq əldə edə bilmədilər [15]. Texasdakı yarış bu ziddiyyəti göstərir: Paxton-un Trampın dəstəyi ilə Respublikaçı namizəd olması ilkin seçkidə uğur gətirdi, lakin ümumi seçkidə onun imkanları ayrıca qiymətləndirilməlidir.

İkinci məhdudiyyət: yerli siyasi şərait və namizədin şəxsi xüsusiyyətləri. Trampın dəstəyi seçki kampaniyasında əhəmiyyətli resurs olsa da, namizədin nüfuzunu, siyasi təcrübəsini və seçicilərin yerli problemlərlə bağlı gözləntilərini tam əvəz edə bilməz. İlkin seçkilərdə prezidentin dəstəyinin mühüm rol oynaması hər bir yarışın nəticəsinin yalnız bu amillə müəyyənləşdiyini göstərmir.

Üçüncü məhdudiyyət: partiyanın daha geniş seçici bazasının qorunması zərurəti. İlkin seçkilərdə siyasi sədaqətin ön plana çıxması partiya daxilində birliyi gücləndirə bilər, lakin ümumi seçkidə iqtisadi vəziyyət, yaşayış xərcləri, səhiyyə, məşğulluq və yerli problemlər kimi məsələlər də seçicilərin qərarlarına təsir göstərir. Partiyanın qarşısında duran əsas məsələ Trampın siyasi nüfuzundan faydalanmaqla daha geniş seçici bazasını qorumaq arasında tarazlıq yaratmaqdır.

Deməli, Trampın partiyadaxili təsirini yalnız neçə namizədin onun dəstəyi ilə qalib gəlməsi əsasında qiymətləndirmək kifayət deyil. Bu təsirin daha geniş siyasi nəticələrini müəyyənləşdirmək üçün həmin namizədlərin ümumi seçkidəki nəticələrinə və Respublikaçılar Partiyasının Konqresdəki mövqelərinə təsirinə də baxmaq lazımdır.

6. Oktyabr 2026: partiyadaxili sədaqətlə ümumi seçki strategiyası arasındakı ziddiyyət

2026-cı ilin oktyabrında müşahidə olunan tendensiyalar Respublikaçılar Partiyasının qarşılaşdığı dilemmanı daha aydın göstərir. Reuters-in oktyabrın 7-də dərc etdiyi araşdırmaya görə, agentliyin nəzərdən keçirdiyi 62 rəqabətli Konqres yarışının 41-də respublikaçı namizədlər müəyyən siyasət məsələlərində Trampın mövqelərindən fərqlənib və ya onunla əlaqələrini daha az vurğulamağa çalışıblar. Bu fərqlər, xüsusilə, İran siyasəti, məlumat mərkəzləri və mal əti idxalı ilə bağlı məsələlər ətrafında müşahidə olunub. Reuters bu davranışı Trampın ümumi siyasi gündəliyindən tam uzaqlaşma deyil, müstəqil və daha mülayim seçiciləri cəlb etmək cəhdi kimi qiymətləndirir [16].

Bu müşahidənin mühüm tərəfi ondan ibarətdir ki, namizədlərin çoxu Trampın bütün siyasi kursunu rədd etmir. Onlar daha çox konkret məsələlərdə fərqli mövqe nümayiş etdirir, yaxud kampaniyalarında prezidentlə yaxınlıqlarını ön plana çıxarmırlar. Belə yanaşma həm Respublikaçılar Partiyasının fəal elektoratını itirməməyə, həm də rəqabətli dairələrdə daha geniş seçici qruplarına müraciət etməyə yönəlib.

Beləliklə, ilkin seçkilərdə siyasi sədaqət namizədə üstünlük qazandıra bilər, lakin ümumi seçkidə həmin namizəd daha mürəkkəb siyasi hesablamalar aparmalı olur. Prezidentin dəstəyi partiya daxilində namizədin mövqeyini gücləndirsə də, eyni dəstək bəzi dairələrdə seçicilərin bir hissəsi üçün mənfi amilə çevrilə bilər.

Senat uğrunda mübarizədə Texas bu ziddiyyətin əhəmiyyətli nümunəsidir. Reuters-in oktyabrın 12-də dərc etdiyi təhlildə Texasla yanaşı, Şimali Karolina, Ohayo, Alyaska və Ayova kimi ştatlar Senatda çoxluq uğrunda mübarizənin mühüm istiqamətləri kimi göstərilirdi. Məqalədə Texasda demokrat namizəd James Talarico ilə respublikaçı Ken Paxton arasındakı yarışın rəqabətli xarakter aldığı qeyd olunurdu [17].

Ümummilli sorğular da eyni istiqaməti göstərir. Reuters/Ipsos-un oktyabrın 19-da başa çatan sorğusuna görə, Trampın fəaliyyətini bəyənənlərin payı 31 faizə enib ki, bu da onun hər iki prezidentlik müddətində ən aşağı göstəricidir. Qeydiyyatdan keçmiş seçicilərin 47 faizi demokratlara, 35 faizi isə respublikaçılara səs verməyə hazır olduğunu bildirib [18].

Avropa Parlamentinin Araşdırma Xidmətinin 9 oktyabr 2026-cı il tarixli icmalına görə, seçkilər ərəfəsində mövcud proqnozlar Nümayəndələr Palatasında demokratların üstünlük əldə edə biləcəyini, Senatda isə rəqabətin daha açıq xarakter aldığını göstərirdi. İcmalda yaşayış xərcləri, inflyasiya, mənzil, səhiyyə, məşğulluq və məlumat mərkəzləri ilə bağlı məsələlər seçicilərin diqqət yetirdiyi əsas problemlər arasında göstərilir [1].

Bu məsələlər Respublikaçılar Partiyasının qarşılaşdığı problemin yalnız liderlik və namizəd seçimi ilə məhdudlaşmadığını göstərir. Partiya eyni zamanda iqtisadi vəziyyətə, ictimai narazılığa və müstəqil seçicilərin gözləntilərinə cavab verməlidir. Trampın siyasi nüfuzu ilkin seçkilərdə mühüm resurs olaraq qalır, lakin ümumi seçkidə uğur namizədlərin daha geniş siyasi və sosial məsələlər üzrə mövqelərindən də asılıdır.

Bununla belə, seçkilərə bir neçə həftə qalmış mövcud tendensiyalar əsasında yekun nəticələri qəti şəkildə müəyyənləşdirmək olmaz. Seçici fəallığı, kampaniyaların son mərhələsi, iqtisadi vəziyyət və siyasi hadisələr nəticələrə təsir göstərə bilər. Buna görə də seçki proqnozları baş vermiş faktlar kimi deyil, mövcud məlumatlara əsaslanan ehtimallar kimi qiymətləndirilməlidir.

7. Azərbaycan və region üçün nə deməkdir?

ABŞ-ın daxili seçkiləri Bakıdan uzaq görünə bilər, lakin Konqresin tərkibi Azərbaycan–ABŞ münasibətlərinin ən azı üç həssas istiqamətinə birbaşa təsir göstərir.

Birincisi, “Azadlığa Dəstək Aktı”na 907-ci düzəliş. 2025-ci il avqustun 8-də keçirilən Vaşinqton sammitindən sonra ABŞ administrasiyası bu düzəlişin qüvvəsinin dayandırılmasını uzadıb; Prezident İlham Əliyev 2026-cı il iyunun 1-də müvafiq memoranduma görə Donald Trampa təşəkkür edib [19]. Lakin düzəlişin tam ləğvi prezidentin deyil, Konqresin səlahiyyətindədir. Xarici işlər naziri Ceyhun Bayramovun iyunun 17-də respublikaçı konqresmen Abraham Hamadeh ilə görüşündə də məhz 907-ci düzəlişin tam ləğvi və TRIPP layihəsi müzakirə olunub [20]. Respublikaçıların hər iki palatada çoxluğu saxlaması bu məsələnin gündəliyə gəlmə ehtimalını artırar. Demokratların Nümayəndələr Palatasına nəzarəti isə prosesi çətinləşdirə bilər, çünki Konqresdə bu mövzu insan hüquqları və vətəndaş cəmiyyəti məsələləri ilə sıx əlaqələndirilir [19].

İkincisi, Strateji Tərəfdaşlıq Xartiyası. 2026-cı il fevralın 10-da Bakıda ABŞ vitse-prezidenti J.D. Vance və Prezident İlham Əliyev tərəfindən imzalanan xartiya Orta Dəhliz, enerji, kritik minerallar və rəqəmsal infrastruktur üzrə əməkdaşlığı nəzərdə tutur [19]. Xartiyanın icrası əsasən icra hakimiyyətindən asılı olsa da, müdafiə əməkdaşlığının genişləndirilməsi və maliyyələşdirmə məsələləri Konqresdən keçir.

Üçüncüsü və bəlkə də ən vacibi, İran. 4-cü bölmədə təhlil olunan səsvermələr göstərir ki, İran siyasəti Konqresdə partiyadaxili ən həssas mövzulardan birinə çevrilib. Demokratların palatalardan birində çoxluq qazanması ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarını hüquqi baxımdan məhdudlaşdırmaq cəhdlərini gücləndirə bilər. Azərbaycan üçün bu, həm cənub sərhədindəki təhlükəsizlik vəziyyəti, həm də ABŞ–İran gərginliyi fonunda ciddi təhlükəsizlik və maliyyə riskləri ilə üzləşən TRIPP layihəsinin perspektivləri baxımından əhəmiyyətlidir [19].

Belə ki, Bakı üçün noyabr seçkilərinin əsas sualı “kim qalib gələcək?” deyil, “Konqres Trampın xarici siyasətinə nə dərəcədə məhdudiyyət qoyacaq?” sualıdır.

8. Mümkün ssenarilər

Seçkilərin nəticəsindən asılı olaraq üç əsas ssenari nəzərdən keçirilə bilər. Bu ssenarilər seçkilərin yekun nəticəsini əvvəlcədən müəyyənləşdirmir; onlar Konqresdə mümkün qüvvələr nisbətinin Respublikaçılar Partiyasının daxili siyasətinə və Trampın partiya üzərində təsirinə necə təsir göstərə biləcəyini izah etmək üçün təqdim olunur. Seçki proqnozları dəyişə bildiyindən, bu variantları qəti ehtimallar kimi deyil, şərti analitik ssenarilər kimi qiymətləndirmək lazımdır.

Birinci ssenari: Respublikaçılar hər iki palatada üstünlüyü qoruyurlar. Bu halda Trampın partiyadaxili təsiri möhkəmlənə və MAGA xəttinə yaxın namizədlərin mövqeləri güclənə bilər. Bununla belə, belə nəticə partiyanın müstəqil və mülayim seçicilərə müraciət etmək ehtiyacını aradan qaldırmayacaq.

İkinci ssenari: Demokratlar Nümayəndələr Palatasında üstünlük əldə edir, respublikaçılar isə Senatda çoxluğu qoruyurlar. Bu halda Konqresdə siyasi qarşıdurma davam edə bilər. Respublikaçılar Partiyası daxilində ümumi seçkidəki nəticələrin qiymətləndirilməsi və daha geniş seçici bazasına münasibət barədə müzakirələrin güclənməsi mümkündür.

Üçüncü ssenari: Demokratlar hər iki palatada üstünlük əldə edirlər. Bu halda Respublikaçılar Partiyasında seçki strategiyası və liderlik məsələləri ətrafında müzakirələr daha da intensivləşə bilər. Bununla belə, belə nəticənin avtomatik olaraq Trampın liderliyinin sona çatmasına gətirib çıxaracağını əvvəlcədən söyləmək olmaz.

Bu ssenarilər göstərir ki, 2026-cı il seçkiləri təkcə Konqresin tərkibini deyil, həm də Respublikaçılar Partiyasının gələcək siyasi strategiyasını müəyyənləşdirə bilər. Əsas məsələ Trampın ilkin seçkilərdəki təsirinin partiyanın ümumi seçkilərdəki nəticələrinə nə dərəcədə çevriləcəyidir.

Nəticə

2026-cı il aralıq seçkiləri Respublikaçılar Partiyasında liderlik, siyasi sədaqət və institusional ənənələr arasındakı münasibətlərin mühüm sınağıdır. Məqalədə irəli sürülən birinci gözlənti təsdiqlənir: partiya daxilində Trampın təsiri demək olar ki, həlledicidir. Bill Cassidy və John Cornyn-in ilkin seçkilərdə məğlub olması, Thomas Massie-nin namizədliyini itirməsi və Trampın dəstəklədiyi namizədlərin 96 faizinin qalib gəlməsi göstərir ki, partiyanın ənənəvi “qapı gözətçisi” funksiyası kollektiv rəhbərlikdən liderin özünə keçib. Yerli şərait, kampaniya maliyyəsi və namizədlərin şəxsi mövqeləri ayrı-ayrı yarışların nəticəsinə təsir etsə də, bu ümumi qanunauyğunluğu dəyişmir.

İkinci gözlənti isə “praymeriz paradoksu”nun mahiyyətini açır: ilkin seçkilərdə üstünlük yaradan sədaqət ümumi seçkidə yükə çevrilə bilər. Prezidentin reytinqi 31 faizə enib, rəqabətli yarışların təxminən üçdə ikisində respublikaçı namizədlər ondan məsafələnirlər, 2022-ci il təcrübəsi isə Trampın dəstəyi ilə namizəd olanların ümumi seçkidə uduza biləcəyini artıq göstərib. Partiyanın qarşısındakı dilemma bundan ibarətdir: ilkin seçkilərdə prezidentin dəstəyindən faydalanmaq və eyni zamanda ümumi seçkidə daha geniş seçici qruplarını cəlb etmək. Bu iki məqsəd həmişə bir-birini tamamlamır. Texasda Ken Paxton ilə James Talarico arasındakı yarış bu paradoksun ən aydın sınağı olacaq.

Respublikaçılar Partiyasının gələcək istiqaməti bu paradoksdan hansı nəticənin çıxarılacağından asılı olacaq. Ümumi seçkidə məğlubiyyət lider mərkəzli siyasi model ilə institusional konservativ ənənələr arasındakı tarazlığı yenidən müzakirəyə çıxara bilər; uğur isə sədaqət testinin seçki baxımından risksiz olduğu qənaətini möhkəmləndirər.

Azərbaycan üçün seçkilərin əhəmiyyəti Konqresdəki qüvvələr nisbətinin ABŞ-ın xarici siyasətinə təsiri ilə ölçülür. 907-ci düzəlişin tam ləğvi, Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində müdafiə əməkdaşlığının genişləndirilməsi və İranla bağlı müharibə səlahiyyətləri kimi məsələlər birbaşa Konqresdən keçir. Bu səbəbdən noyabrın 3-ü təkcə Amerika daxili siyasətinin deyil, Cənubi Qafqazda ABŞ siyasətinin də növbəti iki ilinə təsir edəcək.

Noyabr seçkiləri bu baxımdan yalnız Konqresdə yerlərin bölüşdürülməsini deyil, həm də Trampın Respublikaçılar Partiyası üzərindəki təsirinin real siyasi sərhədlərini qiymətləndirmək üçün mühüm göstərici olacaq.

İstifadə olunmuş mənbələr

Delivorias, A., Kuljanic, N. (2026). Understanding the 2026 United States midterm elections: Contested seats, voter concerns and possible changes in Congress. European Parliamentary Research Service, 9 October 2026.
https://eprs.europarl.europa.eu/contents/publications/EPRS/2026/10/EPRS_BRI%282026%29791533.html

The American Presidency Project. Seats in Congress Gained/Lost by the President's Party in Mid-Term Elections. University of California, Santa Barbara.
https://www.presidency.ucsb.edu/statistics/data/seats-congress-gainedlost-the-presidents-party-mid-term-elections

Cohen, M., Karol, D., Noel, H., Zaller, J. (2008). The Party Decides: Presidential Nominations Before and After Reform. Chicago: University of Chicago Press.

Levitsky, S., Ziblatt, D. (2018). How Democracies Die. New York: Crown.

Boatright, R. G. (2013). Getting Primaried: The Changing Politics of Congressional Primary Challenges. Ann Arbor: University of Michigan Press.

Reuters. (2026). Republican Senator Cassidy loses re-election to Trump retribution campaign. 16 May 2026.
https://www.reuters.com/world/us/republican-cassidy-faces-trump-retribution-effort-louisiana-senate-primary-2026-05-16/

Reuters. (2026). Trump-backed Senate candidate wins Republican primary in Louisiana. 28 June 2026.
https://www.reuters.com/world/us/trump-backed-senate-candidate-wins-republican-primary-louisiana-2026-06-28/

Birenbaum, G., Guo, K., Martinez, A. (2026). Ken Paxton defeats John Cornyn for U.S. Senate GOP nomination. The Texas Tribune, 26 May 2026.
https://www.texastribune.org/2026/05/26/texas-john-cornyn-ken-paxton-us-senate-republican-primary-runoff/

Galston, W. A. (2026). Paxton's landslide win signals end of Bush-era Texas GOP. Brookings Institution, 28 May 2026.
https://www.brookings.edu/articles/paxtons-landslide-win-signals-end-of-bush-era-texas-gop/

Colorado Politics. (2026). Trump has a 96% endorsement success rate. Here are the Republicans he's backed who have lost. 19 August 2026 (Ballotpedia məlumatları əsasında).
https://www.coloradopolitics.com/2026/08/19/trump-has-a-96-endorsement-success-rate-here-are-the-republicans-hes-backed-who-have-lost/

Knowles, H. (2026). Rep. Thomas Massie loses GOP primary, the latest casualty of Trump's wrath. The Washington Post, 19 May 2026.
https://www.washingtonpost.com/politics/2026/05/19/thomas-massie-faces-ed-gallrein-kentucky-gop-primary-with-massive-spending/

Berger, H. (2026). Senate advances resolution to curb Trump's Iran war powers. The American Conservative, 19 May 2026.
https://www.theamericanconservative.com/senate-advances-resolution-to-curb-trumps-iran-war-powers/

Jewish Insider. (2026). Senate blocks effort to advance war powers resolution in reversal after heated GOP meeting with Trump. June 2026.
https://jewishinsider.com/2026/06/senate-blocks-war-powers-resolution-trump-republicans/

United States Senate. (2026). Roll Call Vote 192, 119th Congress, 2nd Session (On the Motion to Proceed, S.J.Res.185). 24 June 2026.
https://www.senate.gov/legislative/LIS/roll_call_votes/vote1192/vote_119_2_00192.htm

Jacobson, G. C. (2023). The 2022 Elections: A Test of Democracy's Resilience and the Referendum Theory of Midterms. Political Science Quarterly, 138(1).

Reuters. (2026). Most Republicans in tight midterm races distance themselves from Trump, Reuters review finds. 7 October 2026.
https://www.reuters.com/world/us/most-republicans-tight-midterm-distance-themselves-trump-reuters-review-finds-2026-10-07/

Reuters. (2026). The races that will decide control of the US Senate. 12 October 2026.
https://www.reuters.com/legal/government/races-that-will-decide-control-us-senate-2026-10-12/

Lange, J. (2026). Exclusive: Trump approval falls to record low of 31% as midterms near, Reuters/Ipsos poll finds. Reuters, 19 October 2026 (The Star nəşrində).
https://www.thestar.com.my/news/world/2026/10/20/exclusive-trump-approval-falls-to-record-low-of-31-as-midterms-near-reutersipsos-poll-finds

JAMnews. (2026). Vaşinqtonun Cənubi Qafqaz planı: Azərbaycanla strateji tərəfdaşlığın fonunda nə dayanır? 2 iyun 2026.
https://jam-news.net/az/?p=105795

Report.az. (2026). Ceyhun Bayramov Abraham Hamade ilə TRIPP layihəsini müzakirə edib. 17 iyun 2026.
https://report.az/xarici-siyaset/ceyhun-bayramov-abraham-hamade-ile-gorusub

Şərhlər (0)

Hələ şərh yoxdur. İlk siz yazın!